Bu ilin sentyabr ayının sonunda Naxçıvan Muxtar Respublikasında su anbarlarında 196,13 milyon kubmetr su ehtiyatı mövcud olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, su istifadəçilərinə sentyabr ayı ərzində 20,76 milyon kubmetr su verilib. Verilən suyun müqabilində 16 695 hektar torpaq sahəsi suvarılıb.
Bildirilib ki, sentyabr ayı ərzində 1,21 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 23,18 kilometr beton və torpaq kanallar, 14,71 kilometr ara arxlar, 4,25 kilometr kollektor lildən təmizlənib, 4,15 kilometr içməli su, 0,17 kilometr kanalizasiya xətti çəkilib, 0,06 kilometr kaptaj tikilib, 1,82 kilometr mövcud içməli su xətlərində, 0,11 kilometr kanalizasiya xətlərində, 0,34 kilometr kaptajlarda, suvarma boru xətlərinin 0,41 kilometr hissəsində və təzyiqli boru xətlərinin 1,19 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Belə ki, Ordubad şəhəri ərazisində yerləşən “Bazar” arxının uçqun zamanı zərər görmüş 40 metr hissəsi bərpa olunub.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Dəmirçi kollektorunda 1,2 kilometr, Kərimbəyli kollektorunda 1,6 kilometr, Qorçulu kollektorunda 0,8 kilometr olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 3,6 kilometr, Babək rayonunda “Əshabi-kəhf” ziyarətgahı yaxınlığında yerləşən kollektorda 0,25 kilometr, Naxçıvan şəhəri ərazisində yerləşən “Azərbaycan” nasos stansiyası yaxınlığında yerləşən kollektorda 0,4 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 43 hektar, Naxçıvan şəhərinin 5 hektar, olmaqla, ümumilikdə, 48 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 1 000 metr, adıçəkilən kəndlərdə yerləşən mövcud subartezian quyularından Məmmədsabir kəndinə 370 metr, Kalbaoruc kəndinə 100 metr, Zeynəddin kəndində məktəbə 400 metr, Culfa rayonunun Bənəniyar kəndində 570 metr, Şahbuz rayonunda isə “Cin dağı” adlanan ərazidə rayon mərkəzi və ətraf kəndlərini içməli su ilə təmin etmək məqsədilə yeni tikilən kaptajdan 1400 metr uzunluğunda yeni içməli su xətti çəkilib.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Belə ki, Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Alışar”, “Qorçulu”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,06 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar”, “Şəkərabad” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,37 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,07 kilometr hissəsində, Culfa rayonunda “Culfa-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,03 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Böyükdüz” “Şahtaxtı”, “4№-li” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,32 kilometr hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-1”, “Qaraçuq-2”, “Azərbaycan”, və “Şıxmahmud-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,35 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.
Sentyabr ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 106 metr kürə təmizlənərək 42 metr saybənd hörülüb. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 55 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb, Culfa rayonunun Əbrəqunus kəndində isə 1 yeni subartezian quyusunun qazılmasına başlanılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 16 evin içməli su xəttinə, 30 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.