İyulda intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.
Suinfo.az xəbər verir ki, bu barədəEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ötən ay ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi baş verib ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olub. Bu ilin iyulu son 50 il ərzində ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulda ölkənin çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.