Son günlər yağan yağışlardan sonra bəzi çaylarda suyun səviyyəsinin artması İsmayıllı rayonunun Qalacıq kəndindən axan Səngərçay üzərindəki asma körpünü yararsız vəziyyətə salıb.
Suinfo.az xəbər verir ki, kəndi ikiyə bölən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən asma körpünün uzunluğu 70, eni 1 metrdir. Bir neçə il əvvəl kənd sakinləri tərəfindən yenilənən piyada keçidi, çaya gələn güclü sel səbəbindən keçilməz hala düşüb. Körpü yararsız vəziyyətə düşdüyündən çayın sol sahilində vətəndaşlar kəndin əsas hissəsinə keçid edə bilmirlər. Məktəb, poçt, ərzaq mağazaları, inzibati binalar çayın sağ, vətəndaşların çoxu isə sol tərəfdə qalıb.
Yerli sakinlərin sözlərinə görə, həyətində avtomobili olanlar bir qədər məsafə qət etməklə kəndin əsas hissəsinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma nəqliyyat vasitəsi olmayanlar çayın bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Kəndin digər hissəsinə keçid üçün yaxın məsafədə çay üzərində avtomobil körpüsü olmadığı üçün böyükdən-kiçiyə hər kəs əziyyət çəkir, üstəlik körpünün uçması məsələni daha da qəlizləşdirib.
Sakinləri narahat edən məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd ərazisindən keçən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən körpünün təmir-bərpa işlərini kənd bələdiyyəsi öhdəsinə götürə bilər.
Qalacıq kənd bələdiyyə sədri isə bildirib ki, körpünün bərpası müəyyən vəsait tələb edir və bu vəsait bələdiyyənin büdcəsində yoxdur: “Əgər sakinlər vergilərini versələr, əldə edilən vəsait hesabına körpünü bərpa etmək olar”.
Çay üzərində avtomobil körpüsünün salınmasına gəldikdə isə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, İsmayıllı rayonunun Qalacıq kəndini iki hissəyə ayıran Səngərçayın üzərində körpünün tikinti layihəsi hazırlanaraq qanunvericiliyə uyğun ekspertiza rəyi alınması məqsədilə aidiyyəti üzrə təqdim olunub və rəy alınıb: “Həmin ekspertiza rəyi də aidiyyəti üzrə təqdim olunub. Ayrılacaq maliyyə vəsaiti və qəbul olunacaq qərardan asılı olaraq Səngərçay üzərində körpünün tikilməsi məsələsinə baxılacaq”.
(Azərtac)