Xəzər dənizi əsrlər boyu regionun iqtisadi, ekoloji və mədəni simasını formalaşdıran su hövzəsidir. Lakin son illər dənizin səviyyəsində müşahidə olunan kəskin azalma bu mühüm ekosistemin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğurur.
Məlumatlara görə, 2000-ci illərin ortalarından bəri Xəzərin səviyyəsi hər il orta hesabla bir neçə santimetr azalır, bəzi illərdə bu göstərici 20–30 sm-ə qədər yüksəlir.
Prezident İlham Əliyev də bu barədə dəfələrlə danışıb. BMT tribunasında çıxış edən zaman dövlət başçısı qeyd edib ki, Xəzər dənizi sürətlə azalır: "Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır".
Xəzərin səviyyəsinin azalmasında iqlim dəyişikliyi ilə yanaşı Rusiya ərazisindən axan Volqa çayı da mühüm rol oynayır. Volqa çayı Xəzərə daxil olan suyun təxminən 80 faizini təşkil edir. Lakin Rusiya ərazisində bu çay üzərində tikilən onlarla su anbarı, sənaye və kənd təsərrüfatı məqsədilə suyun yönləndirilməsi, həmçinin enerji və naviqasiya ehtiyacları üçün tənzimləmə siyasəti axının təbii rejimini dəyişdirib.

Volqa çayının səviyyəsində baş verən azalma Xəzərin təbii taleyidirmi, yoxsa Rusiya tərəfindən idarə olunan bir prosesdir?
Suinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Modern.az-a verilən açıqlamada bildirilir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illər regional və qlobal miqyasda ciddi ekoloji problem kimi diqqət mərkəzinə çevrilib. Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən başlayaraq dəniz səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunur. Belə ki, 2021-2024 cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalma qeydə alınıb.
"Səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır. Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır.
Əlavə olaraq qeyd edilib ki, Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi mövzusunda proqnozlar tam dəqiq deyil onlar bir sıra iqlim modellərinə və antropogen faktorlara bağlıdır.
Dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərməkdədir. Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir.
Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzəryanı və Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir.
Bu istiqamətdə görülən işlər çərçivəsində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Monitorinq və Qiymətləndirmə üzrə İşçi Qrupu tərəfindən "Xəzər Dənizinin Ətraf Mühitin Monitorinqi Proqramı" hazırlanıb.
Azərbaycan Respublikası bu məsələni diqqətdə saxlayır və Xəzəryanı dövlətlərlə əməkdaşlıq
çərçivəsində vahid yanaşmanın formalaşdırılması üçün addımlar atır. Əsas məqsəd Xəzər dənizinin ekoloji tarazlığını qorumaq, sahilboyu ərazilərin davamlı inkişafını təmin etmək və gələcək nəsillərə sağlam mühit ötürməkdir”,- məlumatda deyilir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə qeyd edib ki, dünyanın müxtəlif bölgələrində suyun azalması və çəkilməsi prosesi müşahidə olunur. Onun sözlərinə görə, bu hal Xəzər dənizində də özünü göstərir:
“Bunun əsas səbəblərindən biri Xəzərə tökülən çaylarda suyun miqdarının azalmasıdır. Sözügedən problem təkcə bizdə deyil, bütün ətraf Xəzəryanı ölkələrdə müşahidə edilir. Xəzərə ən çox su gətirən və onu qidalandıran çay Volqadır. Volqa çayında da suyun həcminin azalması həm ekoloji fəsadlara səbəb olur, həm də ticarətin və gəmiçiliyin inkişafına maneə yaradır. Bu da bölgə üçün böyük problemlərdən biridir”.
Komitə sədri, həmçinin bildirib ki, heç bir Xəzəryanı ölkə Xəzərin suyunun azalmasında maraqlı ola bilməz, çünki bu proses bütün ətraf ölkələrə müxtəlif formalarda mənfi təsir göstərir:
“Bu məsələ ilə bağlı Cənab Prezidentimiz dəfələrlə müsahibələrində də öz fikirlərini bildirib. Eyni zamanda bir sıra alimlər tərəfindən də bu istiqamətdə elmi tədqiqatlar aparılır. Hazırda dünyanın bir çox yerlərində - Afrikada, Asiyada, Avropada və Cənubi Amerikada suyun çəkilməsi halları müşahidə olunur. Lakin Xəzər dənizində bu proses daha sürətlə gedir. Bunun səbəbi bölgənin tektonik xüsusiyyətləri ilə də əlaqədar ola bilər. Bu baxımdan məsələ diqqətlə araşdırılmalı və elmi əsaslara uyğun şəkildə qiymətləndirilməlidir”,- deyə S.Qurbanov vurğulayıb.
[email protected]
(055) 946-06-60