Nazirlər Kabineti “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam verib.
Suinfo.az xəbər verir ki, Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək üçün mövcud rəqəmsal resurslar əsasında "Strategiyanın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını 6 ay müddətində təmin etməli və növbəti ildən Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirməlidir.
Modulda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın təqdimatı əsasında Milli Strategiyada qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə icazə sənədi, texnikiiqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılması təmin edilməlidir.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatlar rübdə bir dəfə, növbəti ayın 25-nə qədər Komissiyaya təqdim edilməlidir.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatlar ildə bir dəfə, hər il mart ayının 25-nə qədər Nazirlər Kabinetinə təqdim edilməlidir.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatlar 2028-ci il iyun ayının 25-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.
Modulun yaradılması və Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınmalıdır.
Milli Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar) Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə rəhbərlərin müavinlərindən ibarət məsul şəxsləri təyin edərək onlar barədə məlumatı 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 1 ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Nazirlər Kabinetinə təqdim edilməli, monitorinq və qiymətləndirmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı müvafiq məlumatların rübdə bir dəfə növbəti ayın 15-dək, ilin yekunları barədə məlumatların isə hər il yanvar ayının 25-nə qədər Modulda yerləşdirilməsini təmin etməli, Maliyyə Nazirliyi Milli Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulduğu təqdirdə, onların ilkin ümumi dəyəri, dövlət büdcəsindən ayrılmış və istifadə olunmuş vəsait barədə məlumatların hər növbəti ayın 5-nə qədər Modulda yerləşdirilməsini təmin etməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində istifadə olunması üçün “Elektron su təsərrüfatı” informasiya sisteminin Modula inteqrasiyasını təmin etməlidir.