Ölkələr niyə daşqın riski yüksək olan ərazilərdə yaşayış məskənləri inşa edir?

Ölkələr niyə daşqın riski yüksək olan ərazilərdə yaşayış məskənləri inşa edir?

Araşdırma

19 Fevral 2024, 12:50

Dünya sürətlə şəhərləşdikcə  daşqınlara məruz qalan ərazilərdə tikililərin sayı artır, iqlim böhranı kəskinləşdikcə insanların fəlakətlərə qarşı həssaslığı ilə bağlı narahatlıqlar yaranır.


Bəs niyə ölkələr daşqın riski yüksək olan ərazilərdə yeni yaşayış məskənləri inşa edir?


Suinfo.az məsələ ilə bağlı araşdırmanı təqdim edir.


İlk olaraq qeyd etmək lazımdır ki, 21-ci əsrdə daşqın riski böyük olan ərazilərdə inşa edilən yaşayış məskənlərinin sayında böyük artım qeydə alınıb.


“Nature” jurnalında dərc olunan məlumatda bildirilir ki, 1985-2015-ci illər arasında kiçik kəndlərdən tutmuş meqa-şəhərlərə qədər ən yüksək daşqın təhlükəsinə məruz qalan yaşayış məntəqələrinin sayı 122% artıb.


Rəsmi statistikalarda 2019-cu ildə daşqınlar nəticəsində dünya üzrə 10 milyondan çox insanın evlərini tərk etdiyi ortaya çıxıb. Həmçinin, 2020-ci ildə dünyada 1 milyarddan çox insanın daşqın riski yüksək olan ərazilərdə yaşadığı bildirilib.


Qardaş Türkiyədə isə 2023-cü ildə baş verən sel fəlakəti 11 bölgədə böyük dağıntılara səbəb oldu. Sel nəticəsində 126 nəfər həyatını itirib, 440 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.


Məsələ ilə bağlı araşdırma aparan tədqiqatçıların qənaətinə görə, dünyada məskunlaşmalar artdıqca daşqın riski az olan ərazilərə nisbətən yüksək təhülkəli daşqın zonalarında urbanizasiya daha sürətlə baş verib.


Əslində daşqın riskləri dünyanın bütün regionları üçün təhlükədir. Ancaq bəzi regionlar nisbi olaraq digərlərindən daha az risk daşıyırlar. Bununla bağlı hazırlanan hesabatda daşqın riskləri ən yüksək olan regionlar Şərqi Asiya və Sakit okean, ən aşağı isə Şimali Amerika və Sub-Sahara Afrika qeyd olunub.


Ölkələrin bu qədər təhlükəli yerlərdə yaşayış məskənləri qurmasının bir neçə səbəbləri var. İqtisadi imkanları böyük liman şəhərləri, sahilyanı icmalar və ya turistik ərazilər kimi faktorların fəlakət riskini üstələdiyi güman edilir. Digər tərəfdən şəhər planlamasının yanlış aparılması və ya daşqın məlumatlarının olmaması da buna daxil edilə bilər.
Ölkələr bu cür riskli və təhlükəli ərazilərdə tikinti ilə bağlı qaydaları yumşaltmaqla əhalinin qeydolunan ərazilərə axın etməsinə səbəb ola bilər. Məsələn, şiddətli qasırğaların riski altında olan Floridanın cənub-qərbində günəşli hava və nisbi ucuzluq səbəbindən əhalinin artımı müşahidə edilib. Bu artım dövlətin yüksək riskli və aşağı ərazilərdə tikinti ilə bağlı qaydaları yumşaltması ilə baş verdi.

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et