Ayın səthində su izləri aşkar olundu

Ayın səthində su izləri aşkar olundu

Araşdırma

23 Sentyabr 2024, 13:23

Yeni aparılan araşdırmalar Ayın səthində müxtəlif bölgələrdə su və hidroksil izlərinin tapıldığını üzə çıxarıb. Bu tapıntılar bizə Ayın geoloji tarixini və davam edən prosesləri daha yaxşı anlamağa kömək edə, eyni zamanda gələcək astronavtların su ehtiyatlarına çıxışını təmin edə bilər.

Suinfo.az xəbər verir ki, ayın kifayət qədər quru olduğu düşünülsə də, son tədqiqatlar göstərir ki, Ayın müxtəlif hissələrində əhəmiyyətli miqdarda su ola bilər.

Planet Elmləri İnstitutunun gəldiyi nəticəyə görə, bu su ilə zəngin bölgələrdən istifadə edərək, gələcəkdə astronavtlar hətta Ayın ekvatorunun yaxınlığında da su tapa bilərlər.

Əvvəlki araşdırmalar Ayın kraterlərində böyük miqdarda suyun gizləndiyini irəli sürmüşdü.

Bu dərin kraterlər Günəşin işığına və istiliyinə məruz qalmadıqları üçün metr qalınlığında buz təbəqələri ola bilərlər.

NASA-nın “Chandrayaan-1” kosmik aparatında məlumatları araşdıran elm adamları Ayın bütün enliklərində su izləri aşkar ediblər.

Xüsusən də Ayın səthinə meteor zərbələrinin su ilə zəngin süxurları ortaya çıxardığı müşahidə edilib.

Tədqiqat qrupu, Ayın səthində suyun daimi olmadığını, günəş küləklərinin milyonlarla il ərzində suyu məhv etdiyini, lakin bu prosesin geridə hidroksil buraxdığını müəyyən edib.

Günəş küləyinin hidrogeni Ayın səthinə daşıyaraq bu molekulun əmələ gəlməsinə töhfə verdiyi də qeyd edilib.

Bu tapıntılar Ayın mürəkkəb geologiyaya malik olduğunu və həm toqquşmaların, həm də vulkanik fəaliyyətin su ilə zəngin materialları səthə daşıya biləcəyini ortaya qoyur.

Araşdırmanın nəticələri The Planetary Science Journal-da dərc olunub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et